“Gəncə” braziliyalı, serb, rus voleybolçularla müqavilə imzaladı

Yeni mövsümdən Azərbaycan Yüksək Liqasında debüt edəcək qadın voleybolçulardan ibarət “Gəncə” klubu heyətini yeni oyunçularla gücləndirir.

Arena.az xəbər verir ki, Gəncənin eyniadlı təmsilçisi braziliyalı Fernanda Melo, serbiyalı Tiana Yovanoviç və üç rusiyalı voleybolçu – Olqa Zaxarova, İrina Klimanova və Anastasiya Salina ilə müqavilə bağlayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onların hər biri ilə 1 illik sözləşmə imzalanıb.

36 yaşlı Fernanda Melo ötən mövsümü Perunun “Alianza” klubunda keçirib. 180 santimetr boya malik hücumçu daha əvvəl Braziliyanın “Uniara”, “Sollis Nestle”, “Rio do Sul”, Argentinanın “Ximnasiya Esqrima La Plata”, Fransanın “İstr”, Kiprin “Pafiakos” və Yunanıstanın “Tiras” klublarının da şərəfini qoruyub.

Tiana Yovanoviç ötən mövsümü ölkəsində “GZOK Serm” komandasında keçirib. Voleybolçu daha əvvəl “Jelezniçar”, “Valyeva”, “Belqard”, “İnciya” və “ZOK Novı-Sad” klublarının da şərəfini qoruyub.

Olqa Zaxarovanın sonuncu iş yeri Rusiyanın “Uraloçka”, İrina Klimanovanın “Yenisey”, Anastasiya Salinanın isə Monteneqronun “Zor” klubları olub.

Gəncə təmsilçisi Azərbaycan milli komandasının üzvləri Nərmin Fərəcova və Leyla Parşkova ilə də anlaşıb.

Komanda yeni mövsümdə belaruslu baş məşqçi Sergey Çasnavitskinin rəhbərliyi altında çıxış edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: