Georgi Meşvildişvili Paris-2024-ün yarımfinalında!

Azərbaycanın sərbəst güləşçisi Georgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Arena.az xəbər verir ki, 125 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 final mərhələsində Lxaqvaqerel Munxturla (Monqolustan) üz-üzə gəlib.

Rəqibinə qalib gələn (12:2) Meşvildişvili yarımfinala yüksəlib.

Xatırladaq ki, Georgi Meşvildişvili Parisdəki Yay Olimpiya Oyunlarında mübarizəyə 1/8 final mərhələsindən başlayıb. O, startda misirli Diaeldin Abdelmottaleblə üz-üzə gəlib və bu rəqibini 4:0 hesabıyla məğlub edib.

Parisə 6 idmançı ilə yollanan sərbəst güləş millimizin təmsilçilərindən Əliabbas Rzazadə (57 kq) və Osman Nurmaqomedov (86 kq) Olimpiada ilə vidalaşıblar. Hacı Əliyevlə (65 kq) Maqomedxan Maqomedov (97 kq) sabah xalçaya çıxacaqlar. Bu gün mübarizəyə qoşulmuş Turan Bayramov (74) isə 1/8 finalda uduzduğu rəqibinin finala yüksəlməsini arzulamaq məcburiyyətində qalıb.

Qeyd edək ki, Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. İndiyə qədər cüdoçularımız – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olublar. Taekvondoçumuz Qaşım Maqomedov yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Boksçu Alfonso Dominqes də özü üçün ən azı gümüş medalı təmin edib. Amma onun medalının əyarı final görüşündəki nəticəsindən asılı olacaq. Güləşdə isə yeganə medalımızı Həsrət Cəfərov (67 kq) qazanıb. O, Olimpiadada bürünc medal qazanıb.

Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Xəbəri paylaş:
Bizi izləyin: