“Boxum”un və Filippin yığmasının sol vingeri Gerrit Holtmann icarə müqaviləsi əsasında “Darmştadt”ın düşərgəsinə keçib.
Arena.az bu barədə “Darmştadt”ın mətbuat xidmətinə istinadən məlumat verir.
İcarə müqaviləsi cari mövsümün – iyun ayının sonuna qədər nəzərdə tutulub. Klublar icarə haqqını cari mövsümün sonunda razılaşdıracaqlar.
Gerrit Holtmann Almaniyada doğulub. Gerritin anası isə Filippindəndir. Bu amil Holtmanın Filippin yığmasında oynaması üçün seçim etməsində yetərli olub.
Holtmann yeniyetməlik dövründə bir neçə klubdan keçsə də, əsasən Bremen “Verder”inin akademiyasında yetişib. Gerrit böyük futbola Braunşveyq “Ayntraxt”ında qədəm qoyub və karyerası ərzində “Maynts”, “Paderborn”, “Boxum” və “Antalyaspor”da çıxış edib.
Holtmann cari mövsümün ilk yarısını “Antalyaspor”un heyətində icarədə keçirib, bütün yarışlarda 8 oyuna çıxıb, 1 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib.
Gerrit Holtmanın qənimətlər muzeyində 2020/2021 mövsümündə “Boxum”la qazandığı 2-ci Bundesliqa çempionluğu var.

Holtmann 2022-ci ilin iyununda Filippin yığmasında debüt etmək qərarını verib. Adalar yığmasının heyətində Holtmann 2 oyun keçirib, 1 qol vurub. Buna qədər Holtmann Almaniyanın U-20 yığmasında 5 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
“Transfermarkt” internet-portalı 28 yaşlı almanəsilli filippinli sol vingerin transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.
“Boxum”un sağ cinah müdafiəçisi Jordi Osey-Tutu da icarə əsasında Yunanıstanın “PAS Yannina” klubuna keçib. Əslən Qanadan olan ingiltərəli futbolçu da bu mövsümün sonuna kimi icarədə olacaq.
Osey-Tutu 2022-ci ilin iyul ayından “Boxum”un formasını geyinir. 25 yaşlı futbolçu Bundesliqa təmsilçisində 44 oyuna çıxıb, 5 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub. Onun Almaniya klubu ilə 2025-ci ilin 30 iyununa kimi müqaviləsi var.
London “Arsenal”ının yetirməsi olan Jordi, karyerası ərzində “Roterem Yunayted”, “Kardiff Siti”, “Nottingem Forest” kimi klubların da formasını geyinib.
“Transfermarkt” internet-portalı Osey-Tutunun transfer dəyərini 800 min avro məbləğində qiymətləndirir.


