Həndbol: Favoritlərdən növbəti qələbələr

Kişilər arasında həndbol üzrə Azərbaycan çempionatında ikinci dövrənin növbəti turlarına yekun vurulub. Arena.az xəbər verir ki, 17-ci tura “İdman Akademiyası” – U-16 görüşü ilə start verilib.

“AHF Arena” idman kompleksində baş tutan bu oyunda çempionatın lideri rəqibini böyük xal fərqi ilə üstələyib – 33:18.

“Məhsul” – RİOEUGİM matçında daha təcrübəli nominal ev sahibləri fasiləyədək üstünlüklərindən istifadə etməkdə çətinlik çəkiblər -15:14. Lakin ikinci hissədə təşəbbüsə yiyələnən “Məhsul” həndbolçuları pərəstişkarlarını inamlı qələbə ilə sevindiriblər – 42:23.

Turun son qarşılaşması da azarkeşlər tərəfindən maraqla qarşılanıb. Mübahisəli epizodlarla yadda qalan “Dinamo” – “Bakı” görüşü dinamoçuların 39:29 hesablı qələbəsi ilə yekunlaşıb.

18-ci turun oyunları da favoritlərin üstünlüyü şəraitində keçib. Bu, qeydə alınan nəticələrdə də təsdiqini tapıb. “İdman Akademiyası” U-16-nı 41:22, “Məhsul” RİOEUGİM-i 42:31, “Dinamo” isə “Bakı” komandasını 39:32 hesabı ilə məğlub edib.

Beləliklə, həndbol üzrə Azərbaycan çempionatında 18 turdan sonra 39 xala malik “İdman Akademiyası” vahid liderdir. “Məhsul” 29 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. İlk üçlüyü 27 xalla “Təhsil” qapayır. 4-cü pillədəki “Dinamo” ondan 3 xal geri qalır. RİOEUGİM-lə U-16 komandasının hərəyə 3 xalı var. “Bakı” 1 xalla autsayderdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: