Həndbol klublarımızdan fiasko: Hamısı ilk mərhələdə uduzdu

Azərbaycanın kişilərdən ibarət həndbol komandaları üçün 2023/2024-cü illər üzrə avrokubok mövsümü erkən başa çatıb.

Arena.az xəbər verir ki, ölkəmizi bu il avrokuboklarda “Azəryol” (Bakı) və “Kür” (Mingəçevir) komandaları təmsil ediblər.

Ötən gün komandalarımız Avropa Kubokunun 1/32 final mərhələsində cavab oyunlarına çıxıblar. “Azəryol” bu mərhələdə İtaliyanın “Briksen” komandası ilə mübarizə aparıb. Oktyabrın 20-də keçirilmiş ilk oyunda 22:43 hesabıyla uduzmuş “Azəryol” cavab görüşündə də 19:37 hesablı məğlubiyyətə üzülüb və mübarizəni erkən dayandırıb.

“Kür” isə Xorvatiyanın “Sesvete” kollektivi ilə mübarizə aparıb. Ayın 14-də baş tutmuş ilk oyunda 15:30 hesablı məğlubiyyətə üzülmüş Mingəçevir komandası ötən axşam doğma meydanda keçirilən cavab görüşündən də 24:34 hesablı məğlubiyyətlə ayrılıb.

Bununla da Azərbaycan klubları üçün cari avrokubok mövsümü başa çatıb. Xatırladaq ki, daha əvvəl qadın həndbol komandalarımız – “Kür” “Yomi Salerno”ya (İtaliya), “Azəryol” “Krivaya”ya (Bosniya və Herseqovina), “Qarabağ” isə “KH-7 BM Qranulyes”ə (İspaniya) hər 2 oyunda uduzaraq mübarizəni dayandırmışdılar.

Xəbəri sosial şəbəkələrdə paylaş: