Həndbol: “Kür” vahid liderliyi ələ keçirdi

Ötən həftə sonu həndbol üzrə Azərbaycan çempionatında 2023/2024 mövsümünün 3-cü turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, kişi həndbolçuların ölkə çempionatında 3-cü tura “İdman Akademiyası” – “Azəryol” görüşü ilə start verilib.

Rəqibindən üstün oyun nümayiş etdirən “Azəryol” nəhayət mövsümdə ilk qələbəsini qazanıb – 45:36.

“Bakı” – “Dinamo” matçında nominal ev sahibinin qələbə qazanacağına inananlar yanılmayıblar. Hücumları daha kəsərli alınan “Bakı” həndbolçuları azarkeşlərini sevindiriblər – 46:21.

Bu tura qədər çempionata şərikli liderlik edən “Kür”lə “Qarabağ”ın qarşılaşması daha böyük maraqla gözlənilirdi. Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan turun mərkəzi matçı gərgin mübarizə şəraitində keçib. Görüşə qonaqlar fəal başlasalar da, “Kür” tezliklə vəziyyəti xeyirinə dəyişib. Əsasən komandanın qapıçısı Aleksandr Milinkoviçin inamlı çıxışı, eləcə də meydan oyunçularının dəqiq zərbələri qələbədə əsas rol oynayıb. Beləliklə matç “Kür”ün 27:20 hesablı qələbəsi ilə başa çatıb.

Hazırda “Kür” 6 xalla zirvədə qərarlaşıb. “Bakı” və “Qarabağ”ın 4 xalı var. “Azəryol”la “İdman Akademiyası” 2 xal toplaya bilib. “Təhsil” və “Dinamo” komandaları isə xal hesabını aça bilməyiblər.

Qadınların yarışında da eyni adlı komanda 3-cü turda qalib gəlib. Doğma meydanda “Bakı” kollektivini qəbul edən Mingəçevir təmsilçisi rəqibə heç bir imkan verməyib – 48:8.

Turun digər matçında isə “Azəryol” “İdman Akademiyası”nı 41:21 hesabı ilə məğlub edib.

Hazırda “Azəryol” 4 xalla zirvədə qərarlaşıb. “Qür” və “Qarabağ”ın da eyni xalı olmasına rəğmən, 2-3-cü pillələrdə qərarlaşıblar. “Bakı” və “İdman Akademiyası” 2 xal toplayıblar. “Gənclər Birliyi” isə xal qazana bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: