Bu gün həndbol üzrə Azərbaycan çempionatında 2023/2024 mövsümünün 4-cü turunun sonuncu oyunları keçirilib. Arena.az xəbər verir ki, kişilərin yarışında iki, qadınların çempionatında isə bir oyun baş tutub.
Kişilərin çempionatında “Kür” ardıcıl 4-cü qələbəsini qazanıb. Lider komanda bu dəfə “Azəryol”u üstələyib. Müqavimətlə üzləşməsinə baxmayaraq, “Kür” rəqibini 32:25 hesabı ilə məğlub etməyi bacarıb.
“Qarabağ”la “Bakı”nın duelindən isə ikincilər üstün ayrılıblar. Kifayət qədər gərgin alınan qarşılaşmada rəqibinə 25:24 hesabı ilə qalib gələn “Bakı” turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Qadınların mübarizəsində isə liderlər qrupunda yer alan “Kür” autsayder “Gənclər Birliyi”nə heç bir şans verməyib – 49:15.
Xatırladaq ki, həndbol üzrə qadınların Azərbaycan çempionatında turun əvvəlki oyunları dekabrın 2-də keçirilmişdi. Həmin gün “Qarabağ” “İdman Akademiyası”nı (43:16), “Azəryol” isə “Bakı”nı (42:7) məğlub etmişdi.


