Bu gün kişilər və qadınlar arasında keçirilən həndbol üzrə 30-cu Azərbaycan çempionatında 2023/2024 mövsümünün 9-cu turuna yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə hər iki çempionatda bir qarşılaşma baş tutub.
Qadınların həndbol üzrə Azərbaycan çempionatında 9-cu turun qapanış görüşü “Kür” və “Gənclər Birliyi” komandaları arasında keçirilib. Rəqibini 53:12 hesabıyla məğlub edən “Kür” rahat qələbə sayəsində liderlər qrupuna yaxınlaşıb.
Turun daha öncə keçirilmiş oyunarında “Qarabağ” “İdman Akademiyası”nı (40:17), “Azəryol” isə “Bakı”nı (44:10) asanlıqla məğlubiyyətə uğratmışdılar.
Hazırda 16 xalı olan “Qarabağ” liderliyini davam etdirir. Onun ən yaxın izləyicisi olan “Azəryol”un 15, “Kür”ün 13 xalı var. “İdman Akademiyası” ilə “Bakı” hərəyə 6 xalla 4-5-ci yerləri bölüşdürürlər. Autsayder “Gənclər Birliyi” hələ ki, xal qazana bilməyib.
Kişilərin çempionatında da “Kür” və “Dinamo” kollektivləri qarşılaşıblar. Qadınlarda olduğu kimi, “Kür”ün kişilərdən ibarət komandası da 9-cu turu rahat qələbə ilə başa vurub – 57:17.
Daha öncə “Qarabağ” “İdman Akademiyası” ilə oyundan asan qələbə ilə ayrılmışdı – 36:16. “Bakı” da “Təhsil”i böyük hesabla məğlub etmişdi – 40:23.
Kişilər arasında ölkə çempionatının turnir cədvəlinə hesabında 16 xal olan “Kür” başçılıq edir. “Azəryol”, “Bakı” və “Qarabağ”ın hərəyə 10 xalı var. “Dinamo” ilə “İdman Akademiyası” 3 xal toplaya biliblər. “Təhsil” isə 2 xalla sonuncudur.


