Geridə qoyduğumuz həftənin son günlərində kişilər arasında keçirilən həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar baş tutub. Arena.az xəbər verir ki, aprelin 15-də 25-ci turun, ötən gün isə 26-cı turun qarşılaşmaları keçirilib. Bütün qarşılaşmalar “AHF Arena”da oynanılıb.
Çempionatın 25-ci turu liderin xal itkisi ilə yadda qalıb. Gərgin idman mübarizəsi vəd edən “Dinamo” – “İdman Akademiyası” görüşünün ilk hissəsi bərabərliklə başa çatıb. Fasilədən sonra fürsətlərdən daha yaxşı yararlanan “dinamoçular” oyunu qələbə ilə başa vurublar – 26:23. Turun digər oyunları da maraqlı mübarizə ilə yadda qalıb. Bu, nəticələrdə də əksini tapıb. “Təhsil” “Bakı”nı 28:27 hesabıyla məğlub edib. U-16 isə RİOEUGİM ilə qarşılaşmadan 23:22 hesabı ilə qalib ayrılıb.
“İdman Akademiyası” ilə “Dinamo”nun 26-cı turdakı dueli böyük maraqla gözlənilirdi. Çempionluğa iddialı rəqiblərin növbəti görüşündə “Dinamo” yarış cədvəlinin lideri ilə xal fərqini azaltmaq niyyətində idi. Amma qonaqlar istəyini reallaşdıra bilməyiblər. Yüksək əzmkarlıq nümayiş etdirən “tələbələr” tapşırığı yerinə yetiriblər – 24:23. Digər oyunlara gəlincə, “Təhsil” “Bakı”ya 29:27 hesabıyla qalib gəlib. RİOEUGİM də U-16 ilə görüşdə 31:22 hesablı qələbəyə sevinib.
Beləliklə, həndbol üzrə Azərbaycan çempionatında 26 turdan sonra “İdman Akademiyası” 54 xalla vahid liderdir. “Dinamo” ondan 12 xal geri qalır. “Məhsul” 41 xalla üçüncüdür. 4-cü pillədəki “Təhsil”in 36, 5-ci yerdəki “Bakı”nın 13 xalı var. RİOEUGİM və U-16 hərəyə 6 xalla sonrakı yerləri bölüşür.


