Həndbol: “Məhsul” liderlə xal fərqini azaltdı

Geridə qoyduğumuz həftənin son günlərində kişilər arasında keçirilən həndbol üzrə Azərbaycan çempionatında növbəti oyunlar baş tutub. Arena.az xəbər verir ki, martın 25-də 21-ci turun, ötən gün isə 22-ci turun qarşılaşmaları keçirilib.

21-ci turun “Məhsul” – “Təhsil” görüşü daha gərgin və maraqlı mübarizə ilə yadda qalıb. Fasiləyə 7:6 hesablı üstünlüklə yollanan “Məhsul” rəqibin ciddi müqaviməti ilə üzləşib. Amma buna baxmayaraq, liderin əsas izləyicisi bu oyunu qələbə ilə bitirməyi bacarıb – 23:20.

Turun digər görüşlərində də favoritlər asan qələbə qazanıblar. “Dinamo” U-16-nı 48:22, “Bakı” RİOEUGİM-i 43:28 hesabı ilə məğlub edib.

“Təhsil” və “Məhsul” komandalarının 22-ci turdakı dueli də gərgin mübarizə şəraitində keçib. “Təhsil” yüksək əzmkarlığa baxmayaraq, bu görüşdə də məğlubiyyətlə barışmalı olub – 21:22. Turun digər oyunlarında “Dinamo” U-16 komandasına 62:28, “Bakı” RİOEUGİM-ə 39:31 hesabı ilə qalib gəlib.

Son iki turda istirahət edən “İdman Akademiyası” 45 xalla həndbol üzrə Azərbaycan çempionatının vahid lideridir. “Məhsul” hazırda liderdən 4 xal geri qalır. “Dinamo” 36 xalla 3-cü, “Təhsil” 27 xalla 4-cü yerdə qərarlaşıb. “Bakı” 7 xalla 5-ci pillədə yer alıbsa, RİOEUGİM ilə U-16-nın hərəyə 3 xalı var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: