Həndbol üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində (AÇ-2024) bu gün növbəti oyununa çıxacaq.
Arena.az xəbər verir ki, 5-ci qrupda yer almış yığmamız 5-ci tur çərçivəsində Şimali Makedoniya milli komandasını qəbul edəcək.
Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşmaya saat 17:00-da start veriləcək. Bu komandalar arasında Şimali Makedoniyada keçirilmiş görüşdə meydan sahibləri 40:17 hesablı qələbə qazanmışdılar.
Hazırda Azərbaycan millisi 2 xalla qrupda sonuncu – 4-cü pillədə yer alıb. Şimali Makedoniya isə 4 xalla ikincidir. Yığmamızın rəqibi iki oyunda qalib gəlibsə, son iki matçında uduzub. Millimiz isə bu seçmə mərhələdə yalnız evdə Litvaya qalib gəlib – 35:33. Komandamız ispanlarla ev (18:38) və Litvayla səfər (26:41) matçlarında məğlub olub.
4 turdan sonra 5-ci qrupa maksimum nəticə ilə irəliləyən İspaniya yığması rəhbərlik edir – 8 xal. Litva millisi də Azərbaycanın həndbol yığması kimi 2 xal toplayıb.


