Həndbol: “Qarabağ”dan ardıcıl 2-ci qələbə

Ötən həftə sonu həndbol üzrə Azərbaycan çempionatında 2023/2024 mövsümünün 2-ci turunun oyunları keçirilib.

Arena.az xəbər verir ki, maraqlı görüşlərdən biri qadınlardan ibarət “Qarabağ” və “Azəryol” komandaları arasında olub.

İlk hissəsi 17:15 hesabı ilə bitən matçın fasiləsindən sonra da üstünlüyü qorumağı bacaran “Qarabağ” çempionatda ardıcıl ikinci qələbəsini qazanıb – 30:26.

Açılış turunda “Qarabağ”a minimal hesabla uduzan “Kür” komandası bu dəfə “İdman Akademiyası” üzərində inamlı qələbə çalıb – 38:12.

Kişilərdən ibarət eyni adlı komanda da etimadı doğruldub. “Dinamo”nun qonağı olan Mingəçevir təmsilçisi matçı böyük hesablı qələbə ilə bitirib – 50:20.

Çempionata qələbə ilə başlayan “Qarabağ” “İdman Akademiyası” ilə oyunda da azarkeşlərini sevindirib. Maraqlı mübarizə ilə yadda qalan oyun 38:24 hesabı ilə başa çatıb.

Startı uğursuz alınan “Təhsil” isə “Bakı” ilə görüşü də məğlubiyyətlə bitirməli olub – 16:37.

İki turdan sonra qadınların yarışına 4 xalla “Qarabağ” başçılıq edir. “Azəryol”, “Kür”, “İdman Akademiyası” və “Bakı” hərəyə iki xalla sonrakı pillələrdə qərarlaşıblar. “Gənclər Birliyi”nin aktivində xal yoxdur.

Hərəyə 4 xalı olan “Kür” və “Qarabağ” kişilərin çempionatının şərikli lideridir. “Bakı” və “İdman Akademiyası” 2 xalla üçüncü-dördüncü yerdədirlər. “Azəryol”, “Təhsil” və “Dinamo” hələ ki, xal qazana bilməyiblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: