Həsrət Cəfərov Parisdə yarımfinala vəsiqə qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Arena.az xəbər verir ki, 67 kq çəki dərəcəsində yarışan idmançımız ikinci qarşılaşmasında moldovalı Valentin Petiçlə münasibətinə aydınlıq gətirib.

1/4 final qarşılaşması ilk döyüşə nisbətən çətin keçib. Amma Cəfərov bu dueldən də qalib ayrılıb – 3:1. Pəhləvanımız finala gedən yolda Ukraynanı təmsil edən həmyerlimiz Pərviz Nəsibovla qüvvəsini sınayacaq. Hansı ki, Pərviz də 1/4 finalda Qırğızıstandan olan rəqibi Amantur İsmayılovu çətinliklə mübarizədən kənarlaşdırıb – 7:6.

Həsrət hazırda öz çəki dərəcəsində dünya reytinqinin birincisi, Pərviz isə ikincisidir. Bir sözlə, finala layiq azərbaycanlı idmançıların bu görüşü yarımfinala təsadüf edəcək.

Xatırladaq ki, dünya çempionatlarının gümüş və bürünc mükafatçısı olan Həsrət Cəfərov startda Məhəmməd Elsayedi (Misir) ilə üz-üzə gəlmiş və onu tam üstünlüklə (9:0) məğlub edərək 1/4 finala yüksəlmişdi.

Qeyd edək ki, yunan-Roma güləşi millimiz Parisə 5 idmançı ilə yollanıb. Murad Məmmədovla (60 kq) Sabah Şəriəti (130 kq) yarışı medalsız başa vurublar. Sənan Süleymanov (77 kq) bürünc uğrunda qarşılaşmaya çıxacaq. Bu gün baş tutan ilk görüşündən məğlub ayrılmış Rafiq Hüseynovun (87 kq) aqibətinə isə digər görüşlərin nəticəsindən sonra aydınlıq gələcək. Onun uduzduğu idmançı finala yüksəlsə, Rafiq sabah təsəlliverici görüşdə iştirak hüququ qazanacaq.

Azərbaycan Fransadakı Yay Olimpiya Oyunlarına bütövlükdə 48 idmançı ilə qatılıb. Hələlik iki cüdoçumuz – Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu olub. Boksçu Alfonso Dominqes də özü üçün ən azı gümüş medalı təmin edib. Amma onun medalının əyarı final görüşündəki nəticəsindən asılı olacaq.

Qeyd edək ki, Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: