Azərbaycan güləşçisi Həsrət Cəfərov Xorvatiyanın paytaxtı Zaqreb şəhərində təşkil olunmuş reytinq turnirində bürünc medal qazanıb.
Arena.az xəbər verir ki, bu gün daha 3 güləşçimiz sözügedən turnirdə mübarizə aparıb.
Yunan-Roma güləşi üzrə yığmamızın üzvlərindən Həsrət Cəfərovun çıxışı daha uğurlu alınıb. 67 kq-da yarışan güləşçimiz amerikalı Alexandro Sanço (3:1), isveçli Niklas Oehlen (9:0) və ukraynalı Oleksey Masiki (9:0) mübarizədən kənarlaşdırıb. Yarımfinalda Ukraynanı təmsil edən soydaşımız, Tokio Olimpiadasının gümüş medalçısı Pərviz Nəsibova (2:4) məğlub olan Həsrət Cəfərov bürünc medal uğrunda misirli Mustafa Alameldinlə güləşib. O, 5:1 hesablı qələbəylə turniri üçüncü pillədə başa vurub.
Yarışa 1/4 finaldan start verən Murad Məmmədov (63 kq) fransalı Stefan Klementə qalib gəlib – 6:4. Ancaq güləşçimiz bu görüşdə qolundan zədələndiyi üçün turnirdə çıxışını başa vurub.
Qadın güləşində isə Jalə Əliyeva (57 kq) 1/8 finalda çinli Kexin Honqa məğlub olub – 9:20. Təsəlliverici görüşdə ukraynalı Solomiya Vinniki “tuş”la üstələyən Əliyeva bürünc medal uğrunda qarşılaşmada moldovalı Anastasiya Nikitayla bacarmayıb – 4:14.
Xatırladaq ki, daha əvvəl Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) bu turnirdə qızıl medal əldə edib. Sərbəst güləşçilərdən isə Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq), həmçinin Alyona Kolesnik (59 kq) bürünc mükafata sahib çıxıblar.
Yanvarın 10-dan start götürmüş Zaqrebdəki turnirə sabah – ayın 14-də yekun vurulacaq.


