Haci Rayt “Antalyaspor”u Çempionşip klubuna dəyişdi

Futbol üzrə ABŞ yığmasının və Türkiyənin “Antalyaspor” klubunun hücumçusu Haci Rayt İngiltərə təmsilçisi “Koventri Siti”yə keçib.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

25 yaşlı forvard yeni klubu ilə 4 illik (2027-ci ilin 30 iyununa kimi) müqavilə bağlayıb. “Koventri Siti” bu transfer üçün “Antalyaspor”a 9 milyon avro ödəyib. Amerikalı futbolçunun Çempionşip klubundakı çıxışı uğurlu alınsa, Antalya təmsilçisi daha 2 milyon avro gəlir əldə edə bilər.

Haci Rayt 2021-ci ilin yayından formasını geyindiyi “Antalyaspor”da 64 oyuna çıxıb, 31 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə “Nyu-York Kosmos”, “Şalke”, “Sandhauzen”, “Venlo” və “Sonneryusk” kimi klublarda da forma geyinib. ABŞ millisində də 7 oyun keçirmiş forvard 2 qol vura bilib.

“Antalyaspor” daha iki legioneri – sağ cinah müdafiəçisi Şerel Floranus və dayaq yarımmüdafiəçisi Fernando Lukas Martinslə də yollarını ayırıb. Floranus Niderlandın “Almere Siti”, Fernando Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubuna keçib. Antalya klubunun bu satışlardan nə qədər qazandığı bilinmir.

Niderlanddan olan 24 yaşlı Şerel 2021-ci ilin yayından formasını geyindiyi “Antalyaspor”da 37 oyuna çıxıb və cəmi 1 qolla yadda qalıb. 31 yaşlı Fernando isə 2022-ci ilin yanvarından Antalya klubunda çıxış edirdi. Braziliyalı futbolçu bu komandada 49 oyuna 9 qol və 6 assist müəllifi olub.

Byutyuqi və Holtmann “Antalyaspor”da!

“Antalyaspor” heyətinə də yeni futbolçular cəlb edib. Onlardan biri Yunanıstan “Olimpiakos”undan cəlb olunmuş sol cinah vingeri Zyumer Byutyuqidir. Antalya təmsilçisi bu transfer üçün yunanlara 500 min avro ödəyib. 26 yaşlı futbolçu Super Liqa təmsilçisi ilə 3 illik müqaviləyə imza atıb.

Zyumer Byuytuqi “Olimpiakos”a bu ilin yanvarında Türkiyənin digər klubu “Konyaspor”dan 1 milyon avro qarşılığında keçmişdi. Amma o, Yunanıstan klubunda cəmi 3 matça çıxıb. Byutyuqi daha öncə “Vikinq” və “Sandnes Ulf” kimi klubların da formasını geyinib. O, vaxtilə “Konyaspor”da 83 oyuna 11 qol və 15 məhsuldar ötürmə müəllifi olub. Belçikada dünyaya göz açmış, Norveçin aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Byutyuqi 2020-ci ilin yanvarından Kosovo millisinin uğurları üçün çalışır. O, bu komandada 16 oyuna 1 qol vurub.

“Antalyaspor” “Bohum”un sol cinah vingeri Gerrit Holtmanı da heyətinə qatıb. Türkiyə klubu 28 yaşlı futbolçunu satınalma şərti ilə mövsümün sonuna kimi icarəyə götürüb.

Gerrit Holtmann 2020-ci ildən formasını geyindiyi “Bohum”da 92 oyuna çıxıb, 11 qol və 15 assistlə yadda qalıb. O, “Ayntraxt” (Braunşveyq), “Maynts”, “Paderborn”, “Bremerhaven” kimi klublarda da forma geyinib. Almaniyanın U-20 yığmasında oynamış yarımmüdafiəçi 2022-ci ilin iyun ayından Filippin millisinə dəvət alır. O, bu komandada 2 oyuna 1 qol vurub.

“Bohum”da bir ayrılıq, üç yeni futbolçu

“Bohum”un sol cinah müdafiəçisi Yannes Horn da “Nürnberq”ə keçib. Azad agent statusuna malik 26 yaşlı alman yeni klubu ilə 3 illik müqavilə bağlayıb. O, ötən ilin yayında cəlb olunduğu “Bohum”da cəmi 3 matç keçirib. Müdafiəçi “Köln”, “Volfsburq”, “Hannover” kimi klublarda da forma geyinib, Almaniyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynayıb.

“Bohum” da heyətinə yeni oyunçular qatıb. Bundesliqa təmsilçisi “Zalsburq”dan braziliyalı mərkəz müdafiəçisi Bernardo Fernandes da Silva Junioru transfer edib. 28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Bohumlular bu keçidə görə cəmi 400 min avro ödəyiblər.

Bernardo “Zalsburq”da 93 oyuna 5 qol və 4 assist müəllifi də olub. O, “Brayton”, “Leypsiq” və “Liferinq” kimi klubların da formasını geyinib.

Slovakiyadan olan mərkəz yarımmüdafiəçisi Matuş Bero Niderlandın “Vitess” klubundan azad agent kimi ayrılaraq “Bohum”a keçib. 27 yaşlı futbolçu 3 illik sözləşməyə imza atıb. “Vitess”də 172 oyuna 27 qol və 20 məhsuldar ötürmə ilə yadda qalan Bero, “Trençin” və “Trabzonspor” klublarında da oynayıb. O, Slovakiya yığmasında 26 oyuna 1 qol vurub.

Morits-Broni Kvartenq isə “Bohum”a “Maqdeburq”dan gəlib. 25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Alman futbolçunun transfer yeni klubuna 1,1 milyon avroya başa gəlib. O, “Maqdeburq”da 43 oyuna 13 qol və 10 assistlə yadda qalıb. Kvartenq vaxtilə “Hamburq”da da oynayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: