Çempionlar Liqasının 5-ci turunda “Mançester Yunayted”lə oyun (3:3) “Qalatasaray”ın mərakeşli sağ vingeri Hakim Ziyeş üçün əlamətdar olub.
Arena.az bu barədə “Opta Sports” statistik internet-portalına istinadən məlumat verir.
Belə ki, Hakim Ziyeş Çempionlar Liqası tarixində bir oyunda cərimə zərbəsindən iki qol vurmuş üçüncü futbolçu olub.
Mərakeşli vinger “Mançester Yunayted”lə oyunda “qırmızı şeytanlar”ın kamerunlu qapıçısı Andre Onanın qapısını iki dəfə dəlib. Ziyeş 29-cu və 62-ci dəqiqələrdə fərqlənib, 71-ci dəqiqədə isə məhsuldar ötürmə müəllifi olub.
Ziyeşə qədər Çempionlar Liqasında müvafiq nailiyyətə dünya futbolunun iki ulduzu imza ata bilib.
Bunu ilk dəfə “Real”ın sabiq futbolçusu, portuqal ulduz hücumçu Kristiano Ronaldo Çempionlar Liqasının 2009/2010-cu il mövsümündə turnirin qrup mərhələsində səfərdə “Sürix”in başına gətirib (5:2).
Braziliyalı ulduz Neymar isə 2018/2019 mövsümündə PSJ-nin “Srvena Zvezda”ya qarşı qrup mərhələsi çərçivəsində ev oyununda iki dəfə cərimə zərbəsi ilə topu tora göndərib.


