“Hakken” doğma meydanda çətin qələbəyə sevindi – Video

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Hakken” bu gün İsveç çempionatında növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, sözügedən komanda 23-cü tur çərçivəsində doğma meydanda “Halmstad” klubu ilə üz-üzə gəlib.

Beş qolun qeydə alındığı matçda meydan sahibləri çətin qələbəyə seviniblər – 3:2. “Qarabağ”ın rəqibi hesabı açdıqdan sonra iki qol buraxsa da, son dəqiqələrdə vurduğu qollar sayəsində əvvəlki turlarda aldığı ardıcıl iki məğlubiyyəti unutdurmağa nail olub.

“Hakken” bu mövsüm keçirdiyi 23 oyunda 47 xal qazanıb və 16 komanda arasında 3-cü pillədə qərarlaşıb.

Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsi çərçivəsində İsveç klubuna qarşı ilk matçını oktyabrın 5-də səfərdə keçirəcək. Bu komandalar arasındakı növbəti matç isə dekabrın 14-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Oyuna saat 21:45-də start veriləcək.

“Qarabağ”ın yer aldığı H qrupunda “Molde” (Norveç) və “Bayer” (Almaniya) də var.

Xəbəri sosial şəbəkələrdə paylaş: