Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Hakken” İsveç çempionatında növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, sözügedən komanda 27-ci tur çərçivəsində evdə “Nörçöpinq”lə üz-üzə gəlib.
Beş qolun qeydə alındığı oyunda “Qarabağ”ın rəqibi darmadağına sevinib – 4:1. Meydan sahiblərinin heyətində Momodu Sonko het-trikə imza atıb. O, 11, 54 və 74-cü dəqiqələrdə fərqlənib. Digər qolu isə 44-cü dəqiqədə Eduard Çilufya rəqib qapısından keçirib.
“Hakken” bu mövsüm keçirdiyi 27 oyunda 54 xal qazanıb və 16 komanda arasında 3-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsi çərçivəsində İsveç klubuna qarşı ilk matçını oktyabrın 5-də səfərdə keçirib və 1:0 hesabıyla qalib gəlib. Bu komandalar arasındakı növbəti matç isə dekabrın 14-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Oyuna saat 21:45-də start veriləcək.
“Qarabağ”ın yer aldığı H qrupunda “Molde” (Norveç) və “Bayer” (Almaniya) də var.


