Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Hakken” İsveç çempionatında növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, sözügedən komanda 30-cu tur çərçivəsində səfərdə “Brommapoykarna” ilə üz-üzə gəlib.
Üç qolun qeydə alındığı oyunda “Qarabağ”ın rəqibi məğlubiyyətə üzülüb – 1:2. Qonaqların heyətində Srcan Hrstiç 44-cü dəqiqədə hesabı açsa da, 51 və 53-cü dəqiqələrdə buraxılan qollar məğlubiyyəti qaçılmaz edib.
“Hakken” bu mövsüm keçirdiyi 30 oyunda 57 xal toplayıb və 16 komanda arasında 3-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsi çərçivəsində İsveç klubuna qarşı ilk matçını oktyabrın 5-də səfərdə keçirib və 1:0 hesabıyla qalib gəlib. Bu komandalar arasındakı növbəti matç isə dekabrın 14-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Oyuna saat 21:45-də start veriləcək.
“Qarabağ”ın yer aldığı H qrupunda “Molde” (Norveç) və “Bayer” (Almaniya) də var.


