Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək “Hakken” – “Qarabağ” matçı üçün Ağdam klubunun azarkeşlərinə 1800 bilet ayrılıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan çempionunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, komandamızı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış biletlər oyun günü – oktyabrın 5-də yerli vaxtla 19:00-dan etibarən qarşılaşmanın keçiriləcəyi “Ullevi” stadionunda 8-ci qapının qarşısında satılacaq. Biletin qiyməti 22 avrodur.
Ağdam klubunun yaydığı məlumatda o da vurğulanır ki, bilet almağa gələrkən özünüzlə şəxsiyyəti təsdiq edən sənəd götürməyiniz tələb olunur.
Xatırladaq ki, “Hakken” – “Qarabağ” oyunu oktyabrın 5-də, Göteborqdakı “Ullevi” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
“Ullevi” stadionu 43 min azarkeş tutumuna malikdir. “Hakken” İsveç çempionatı çərçivəsindəki ev oyunlarını isə 6300 azarkeş tutumuna malik “Bravida Arena”da keçirir.
İsveç klubu Avroliqanın qrup mərhələsinin ilk turunda Almaniya nəhəngi “Bayer”ə 0:4 hesabıyla uduzub. Azərbaycan çempionu isə doğma meydanda Norveçin “Molde” komandasına 1:0 hesabıyla qalib gəlib.


