Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Hakken” İsveç çempionatında növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, sözügedən komanda 25-ci tur çərçivəsində doğma meydanda AİK-lə üz-üzə gəlib.
Meydan sahiblərinin 63 və 77-ci dəqiqələrdə vurduqları qollar həlledici olub. Nəticədə “Qarabağ”ın rəqibi turu inamlı qələbə ilə başa vurub – 2:0. Komandasının hər iki qolunu dubla imza atan Edvard Çilufya vurub.
“Hakken” bu mövsüm keçirdiyi 25 oyunda 50 xal qazanıb və 16 komanda arasında 3-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, “Qarabağ” Avropa Liqasının qrup mərhələsi çərçivəsində İsveç klubuna qarşı ilk matçını oktyabrın 5-də səfərdə keçirəcək. Bu komandalar arasındakı növbəti matç isə dekabrın 14-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Oyuna saat 21:45-də start veriləcək.
“Qarabağ”ın yer aldığı H qrupunda “Molde” (Norveç) və “Bayer” (Almaniya) də var.
İsveç klubu Avroliqanın qrup mərhələsinin ilk turunda Almaniya nəhəngi “Bayer”ə 0:4 hesabıyla uduzub. Azərbaycan çempionu isə doğma meydanda Norveçin “Molde” komandasına 1:0 hesabıyla qalib gəlib.


