“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsveçin “Hakken” klubu üç futbolçusu ilə müqaviləni yeniləyib.
Arena.az xəbər verir ki, bu barədə sözügedən klub rəsmi saytı vasitəsilə məlumat yayıb.
Belə ki, qapıçı Peter Abrahamsson, müdafiəçi Yohan Hammar və yarımmüdafiəçi Samuel Qustafsonun sözləşməsi yenilənib. Abrahamsson və Qustafsonun müqavilələrinin müddəti 2025-ci, Hammarda isə 2026-cı ilin yayında başa çatacaq.
Peter Abrahamsson 2014-cü ildən bu klubun uğurları üçün çalışır. 35 yaşlı isveçli qolkiper bu komandanın heyətində 262 oyuna çıxıb, 307 qol buraxıb, 82 “quru” matç keçirib.
Mərkəz müdafiəçisi olan Yohan Hammar 2018-ci ilin yanvarından bu klubdadır. 29 yaşlı isveçli futbolçu “Qarabağ”ın rəqibinin heyətində meydana çıxdığı 131 oyunda 6 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
Samuel Qustafson 2021-ci ilin yayından İsveç klubunun formasını geyinir. 28 yaşlı dayaq yarımmüdafiəçisi bu komandada 152 oyuna 18 qol vurub, 22 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Hakken” bu mövsüm İsveç çempionatında keçirdiyi 24 oyunda 47 xal qazanıb və 16 komanda arasında 3-cü pillədə qərarlaşıb.
“Qarabağ” Avropa Liqasının qrup mərhələsi çərçivəsində İsveç klubuna qarşı ilk matçını oktyabrın 5-də səfərdə keçirəcək. Bu komandalar arasındakı növbəti matç isə dekabrın 14-də Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Oyuna saat 21:45-də start veriləcək.
“Qarabağ”ın yer aldığı H qrupunda “Molde” (Norveç) və “Bayer” (Almaniya) də var.


