“Hakken”in baş məşqçisi Per Matias Hoqmo Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda “Qarabağ”a qarşı keçirdikləri ev oyununu şərh edib.
Arena.az xəbər verir ki, İsveç klubunun təcrübəli çalışdırıcısı komandasının 0:1 hesabıyla uduzduğu matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“İlk hissədə oyunumuz alınırdı. Ancaq tədricən “Qarabağ”ın futbolçularının təcrübəsi özünü göstərməyə başladı. Rəqib komandanın yaxşı futbolçuları var. Xüsusən də Kevin Medina və Mateus Silva bizim oyunçulara qol vurmağa imkan vermədilər. Hücumçumuz Edvard Çilufyanın 2 qol epizodu oldu. Ancaq belə oyunda ondan yararlanmalısan, əks halda bir də əlinə elə şans düşməyə bilər”.
Hoqmo 2016-cı ildə Norveç millisini çalışdırarkən Bakıda millimizə 0:1 uduzmalarından da danışıb: “Azərbaycan futboluna böyük hörmətim var. Yaxşı müdafiə olunmağı bacarırlar. O vaxt Norveç millisində işləyərkən Azərbaycana uduzmasaydıq, qrupda digər komandalara da qalib gələrdik”.
Per Matias Hoqmo hakimlikdən də şikayətlənib: “Penaltinin verilməməsi mənə təəccüblü gəldi. Marko Yankoviç futbolçumuzu dirsəklə vurduğuna görə qırmızı vərəqə almalı idi. Meydanda çox dayanmalar oldu. Ancaq baş hakim oyuna az vaxt əlavə etdi”.
Yeri gəlmişkən, “Hakken” klubunun futbolçuları da “Qarabağ”la ev oyunundan sonra hakimlikdən narazılıq ediblər. Kapitan Samuel Qustafson, yarımmüdafiəçi Mikkel Riqard və hücumçu Amor Layuni 12-ci dəqiqədə baş verən epizodda avstriyalı referi Sebastyan Qişamerin penalti təyin etməməsindən şikayətləniblər. Hər üç futbolçu Julio Romaonun həmin anda Mikel Ryuqoru cərimə meydançası daxilində kobudluqla dayandırdığını iddia edib.
Amor Layuni: “Aşkar penalti idi, kobudluq cərimə meydançası daxilində olmuşdu. Bu epizodu görəndə əsəbiləşirəm. “Bayer”lə Almaniyadakı oyunda da eyni hal olmuşdu. VAR-da yoxlamayacaqlarsa, bu sistem nəyə lazımdır?”
Samuel Qustafson: “Hiss edirəm ki, cərimə xətt üzərində idi. Buna niyə penalti verilmədi, başa düşə bilmirəm. Bu cür matçlarda bir qol həlledici olur. Hakimə səhv etdiyini dedim, o isə mənə susmağımı bildirdi”.
Mikel Ryuqor: “VAR sistemindən istifadə edirlərsə, qərar da düzgün olmalıdır. “Qarabağ”la görüşdə bunu görmədik. Bu qərar biabırçılıq idi. Rəqib ayağıma cərimə meydançası daxilində vurdu. Bu, təkrardan da görünür”.


