Haland: “Pep” dediklərimi bəyənməyəcək, amma…”

“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haland İngiltərə Premyer Liqasının 1-ci turunda “Çelsi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, “şəhərlilər”in 2:0 hesablı qələbəsi ilə başa çatmış oyununda öz çıxışı barədə bunları dilə gətirib:

“Mən komandaya kömək etmək, onu işləməyə və digər oyunçuları daha yaxşı mövqelər tutmağa həvəsləndirmək istəyirəm.
“Çelsi” ilə oyunda bütün müdafiəçilərin və yarımmüdafiəçilərin necə yaxşı oynadığını görəndə “Pep” dediklərimi bəyənməyəcək, amma onların mənə ehtiyacı yoxdur! Mən sadəcə durub baxa bilərəm!”, deyə Haland bildirib.

Xatırladaq ki, daha əvvəl Haland oyun təqviminin sıxlığı mənzərəsində çoxsaylı oyunların varlığında yüksək idman formasında olmağın çox çətin olduğu haqda fikrini ifadə etmişdi.

Erlinq Haland “Mançester Siti”yə 2022-ci ilin iyulunda 60 milyon avro məbləğ müqabilində Dortmund “Borussiya”sından keçib. Norveçli hücumçunun İngiltərə klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Haland “şəhərlilər”in heyətində bütün yarışlarda 2 oyuna çıxıb, 1 qol vurub. Erlinqin “Mançester Siti”nin heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 100 oyun, 91 qol, 14 məhsuldar ötürmə.

Haland “Mançester Siti”də ilk mövsümündəcə İngiltərə Premyer Liqasının, İngiltərə Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun və FIFA Klub Dünya Kubokunun qalibi olmuşdu. Geridə qalmış mövsümdə isə “qolçu vikinq” ardıcıl ikinci dəfə İngiltərə çempionluğunu qazanıb. O, yeni mövsümə də İngiltərə Super Kubokunu qazanmaqla başlayıb.

Haland 2019-cu ilin sentyabr ayında debüt etdiyi Norveç yığmasının heyətində 33 oyuna 31 qol, 3 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 24 yaşlı norveçli hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir. Bu, Erlinq Halandın dünyanın ən bahalı dörd futbolçusundan biri olduğu deməkdir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: