Halil Altıntop “Bayern”də yeni vəzifəyə təyin olundu

Futbol üzrə Türkiyə millisinin sabiq yarımmüdafiəçisi Halil Altıntop Almaniyanın “Bayern” klubunda yeni vəzifəyə təyin olunub. Arena.az xəbər verir ki, o, bundan sonra Münhen klubunun futbol akademiyasının idman direktoru kimi fəaliyyət göstərəcək.

Bu barədə Bundesliqa nəhənginin rəsmi saytı məlumat yayıb.

“Bayern”in idman direktoru Həsən Salihamiciç Altıntopun təyinatı ilə bağlı bunları söyləyib: “Ona çox güvənirik. Klubu və iş tərzimizi bilir. 15 illik peşəkar futbolçu karyerasına malikdir. Halil öz bacarığı ilə akademiyamızı inkişaf etdirəcək. Birlikdə çalışacağımız üçün həyəcanlıyam”.

Almaniya nəhəngində çalışacağı üçün xoşbəxt olduğunu dilə gətirən Altıntop isə bu təyinatı ilə bağlı bunları söyləyib: “Mənə güvəndikləri üçün təşəkkürümü bildirirəm. Klubun uğurlarının davamının gəlməsi üçün əlimdən gələni edəcəyəm”.

Xatırladaq ki, Halil Altıntop 2020-ci ildən “Bayern”in aşağı yaş qrupları üzrə komandalarında işləyir. Hazırda 40 yaşı olan sabiq futbolçu U-16-da baş məşqçinin köməkçisi olub, daha sonra U-17-də işləyib.

Altıntop futbolçu karyerası dönəmində “Vattenşayd”, “Kayzerslautern”, “Şalke”, “Ayntraxt”, “Trabzonspor”, “Auqsburq”, “Slaviya” (Praqa) kimi klublarda forma geyinib. O, Türkiyə milli komandasında 38 oyuna 8 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: