Hamed Traore “Napoli”də – Rəsmi

İngiltərənin “Bornmut” klubunun hücumameyilli yarımmüdafiəçisi Hamed Traore İtaliya çempionu “Napoli”yə keçib.

Arena.az xəbər verir ki, bu barədə Neapol klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Neapol” 23 yaşlı futbolçunu satınalma şərti ilə bu mövsümün sonuna kimi icatəyə götürüb.

Hamed Traore 2023-cü ilin yanvar ayından “Bornmut”da çıxış edirdi. Fil Dişi Sahilindən olan futbolçu Premyer Liqa təmsilçisinin heyətində cəmi 13 oyuna çıxıb, 1 qola imza atıb.

Traore daha öncə məhz İtaliyada forma geyinib. O, “Sassuolo” və “Empoli”də çıxış edib. Hamed 2021-ci ilin sentyabrında debüt etdiyi Fil Dişi Sahili yığmasında 10 oyuna çıxıb, 2 qola imza atıb.

“Bornmut” mərkəz yarımmüdafiəçisi Co Rotuelli də “Sauthempton”a icarəyə verib. 29 yaşlı ingilis futbolçu da bu mövsümün sonuna kimi icarədə olacaq.

Co Rotuell 2022-ci ilin iyul ayından “Bornmut”da çıxış edirdi. O, bu komandada 35 oyuna 1 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçi “Bləkbörn”, “Oksford Yunayted”, “Barnsli”, “Bləkpul”, “Mançester Yunayted” kimi klublarda da forma geyinib.

Yeri gəlmişkən, Hamed Traoreni heyətinə qatan “Napoli” də sağ cinah müdafiəçisi Alessandro Zanolini “Salernitana”ya icarəyə verib. 23 yaşlı italyan futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq.

Zanoli 2019-cu ildən “Napoli”nin sıralarındadır. O, bu klubun əsas komandasında 22 oyuna çıxıb. Neapol klubu müdafiəçisini “Leqnaqo” və “Sampdoriya”ya da icarəyə vermişdi. Alessandro vaxtilə İtaliyanın U-21 yığmasında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Salernitana” “Latsio”nun mərkəz yarımmüdafiəçisi Toma Başiçi də icarəyə götürüb. Xorvatiyadan olan 27 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq. O, 2021-ci ilin avqust ayından formasını geyindiyi “Latsio”da 70 oyuna 2 qol vurub, 2 assist edib. Xorvatiya millisində 2 oyun keçirmiş futbolçu “Hayduk” (Split) və “Rudeş” kimi klubların da uğurları üçün çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: