Hansi Flik Almaniya yığmasından qovulur?

Futbol üzrə Almaniya yığma komandasının baş məşqçisi Hansi Flik bu ay istefaya göndərilə bilər. Arena.az “Sport Bild” nəşrinə istinadən məlumat verir ki, alman mütəxəssisin başının üstünü qara buludlar alıb.

Belə ki, Almaniya yığmasının sentyabr ayında keçirəcəyi oyunların nəticələri qənaətbəxş olmasa, Flik tutduğu vəzifədən azad edilə bilər.

Mənbənin məlumatına görə, Almaniya yığmasının Yaponiya və Fransa yığmalırı ilə qarşıdakı oyunlarının nəticəsi Flikin gələcəyini müəyyən edəcək. “Bundestim”in Ukrayna yığması ilə heç-heçə etdiyi (3:3), Polşaya yığmasına 0:1 hesabı ilə uduzduğu, sonra isə Kolumbiya yığmasına 0:2 hesabı ilə məğlub olduğu iyun oyunlarının nəticələrinin təkrarlanması Flikin vəzifəsindən azad olunması demək olacaq.

Xatırladaq ki, sentyabrın 9-da Almaniya yığması Yaponiya komandası ilə, sentyabrın 12-də isə Fransa yığması ilə qarşılaşacaq.

Hansi Flik AÇ-2020-dən sonra Almaniya yığmasına rəhbərlik edir. 2022-ci il dünya çempionatında Flikin rəhbərliyi altında “bundestim” qrupdan çıxa bilməyib. 58 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 24 oyuna çıxarıb. Bu görüşlərdə 12 qələbə qazanmış Almaniya yığması 7 heç-heçə edib, 5 məğlubiyyətə üzülüb.

Artıq Flikin istefa verəcəyi halda onu kimlərin əvəz edəcəyi barədə də ehtimallar səslənməyə başlayıb. “Bundestim”in baş məşqçisi vəzifəsinə əsas namizədlərdən Yulian Nagelsman, Oliver Qlasner və Mattias Zammerin adı çəkilir.