İspaniya çempionu “Barselona”nın almaniyalı baş məşqçisi Hansi Flik Kataloniya təmsilçisi ilə 50-ci qələbəsini rəsmiləşdirib.
Arena.az xəbər verir ki, sözügedən komanda dünən La Liqada “Real Ovyedo” ilə səfər oyunundan 3:1 hesablı əzmkar qələbə ilə ayrılıb.
Almaniyalı mütəxəssis bu nailiyyətə 67-ci oyunda çatıb və klub tarixində 50 qələbə həddini keçən 14-cü baş məşqçi olub.
Bu göstəriciyə “Barselona”nın tarixində yalnız iki mütəxəssis – Luis Enrike (60 oyun, 2015) və Elenio Errera (64 oyun, 1959) daha tez nail olublar.
Xatırladaq ki, Hansi Flik 2024-cü ilin yayında Xavi Ernandesin əvəzində “Barselona”ya baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında komanda ilk mövsümdə La Liqanı, İspaniya Kubokunu və Super Kubokunu qazanıb.
Flik “Real Ovyedo” ilə oyundan sonra fikirlərini bölüşüb. Almaniyalı mütəxəssis 3:1 hesablı qələbəni belə şərh edib:
“İlk hissədə çoxlu şanslarımız oldu. Fasilədə oyunçulara dedim ki, biz mübarizəni və hücumu davam etdirməliyik. Rəqib yaxşı müdafiə olunduğu üçün bu, asan deyildi. Blokla qarşılaşdığımız zaman hücumlarımızın işləməsi çox vacibdir”.
Kataloniya klubu ilk hissədə bir qol buraxıb, lakin fasilədən sonra Erik Qarsiya, Robert Levandovski və Ronald Arauxonun qolları sayəsində 3 xalı təmin edə bilib. Komanda 6 oyundan sonra 16 xalla La Liqanın turnir cədvəlində ikincidir. İtkisiz irəliləyən “Real” (18 xal) isə vahid liderdir.


