“Barselona”nın baş məşqçisi Hansi Flik “blauqrana”nın yeniyetmə ispaniyalı ulduzu Lamin Yamal haqda söhbət açıb.
Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, alman mütəxəssis Yamal haqda qənaətini elə səsləndirib ki, müvafiq məqamı, rəhbərliyi altında çalışdırdığı “blauqrana”nın digər oyunçularına da aid etmək olar:
“Hamı bilir ki, Yamal dahidir. Onun cəmi 17 yaşı var, ona təzyiq göstərilir. Amma mən onunla və digər oyunçularımla danışıram, onlar da mənə yorğun olub-olmadıqlarını bildirirlər. Bu, Jül Kundeyə də aiddir, həmçinin digər futbolçularıma da”, deyə Hansi Flik vurğulayıb.
Yamala gəlincə, Lamin “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.
Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 45 oyuna çıxıb, 14 qol və 21 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 96 oyun, 21 qol və 30 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 19 oyun keçirib, 4 qol vurub, 9 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.


