“Barselona”nın baş məşqçisi Hansi Flik Kataloniya klubunun braziliyalı hücumçusu Rafinyanın sıraya dönməsinə münasibət bildirib.
Arena.az xatırladır ki, təxminən iki ay idi zədə səbəbindən yaşıl meydanlardan kənarda qalmış braziliyalı hücumçus yenidən futbola qayıdıb.
Hansi Flik müvafiq xüsusda fikrini açıqlayıb:
“Rafinya üçün darıxmışdım. Mənim üçün o, komandanın ən yetkin oyunçularından biridir”.
Xatırladaq ki, Rafinya “Avai”nin məzunudur. Karyerasının Avropa dönəminə “Vitoriya”da (Gimaraynş) başlamış futbolçu “Sportinq” (Lissabon), “Renn” və “Lids”də çıxış edib. 2022-ci ilin iyul ayında “Barselona” Rafinyanı 58 milyon avro məbləğ müqabilində “Lids”dən tamhüquqlu əsasda “blauqrana”nın heyətinə qatıb. Braziliyalı hücumçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Rafinya “Barselona” üçün 9 oyun keçirib, 3 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.
Rafinyanın “Barselona” karyerası ümumilikdə 153 oyun, 57 qol və 53 məhsuldar ötürmədən ibarətdir.
Braziliyalı hücumçu Kataloniya nəhəngi ilə 2022/2023-cü və 2024/2025-ci illər mövsümlərində İspaniya La Liqasını qazanıb, iki dəfə İspaniya Super Kubokunun (2022/2023, 2024/2025), bir dəfə İspaniya Kral Kubokunun (2024/2025) qalibi olub.
Rafinya 2021-ci ilin oktyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 36 oyuna çıxıb, 11 qol vurub, 7 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 28 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 90 milyon avro məbləğində qiymətləndirir.


