Haris Tabakoviç və Robin Hranaç “Hoffenhaym”da

Almaniyanın “Hoffenhaym” klubu heyətini iki yeni futbolçu – hücumçu Haris Tabakoviç və müdafiəçi Robin Hranaçla gücləndirib.

Arena.az xəbər verir ki, mərkəz hücumçusu olan Tabakoviç Almaniyanın digər klubu “Herta”dan transfer olunub.

“Hoffenhaym” bu transfer üçün “Herta”ya 5 milyon avro ödəyib. 30 yaşlı forvardla müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Haris Tabakoviç həm İsveçrə, həm də Bosniya və Herseqovina vətəndaşlığına malikdir. “Yanq Boyz”un yetirməsi olan hücumçu, “Vil”, “Qrasshopper”, “Debretsen”, “Diosqyor”, “Austriya” (Lustenau), “Austriya” (Vyana) kimi klublarda da forma geyinib. “Herta” onu 2023-cü ilin avqustunda 500 min avro müqabilində heyətinə qatmışdı. Tabakoviç ötən mövsüm bu komandanın heyətində sərgilədiyi oyunla qiymətini fantastik dərəcədə yüksəldə bilib. Belə ki, o, “Herta”nın heyətində meydana çıxdığı 39 oyunda rəqib qapılarınan 25 qol keçirib, 8 məhsuldar ötürmə müəllifi olub.

Tabakoviç vaxtilə İsveçrənin U-18, U-19 və U-21 yığmalarında oynayıb. 2023-cü ildən etibarən isə o, Bosniya və Herseqovina yığmasına dəvət alır. Haris bu komandanın heyətində 2 oyuna çıxıb, fərqlənə bilməyib.

Robin Hranaç isə Çexiyanın “Viktoriya” (Plzen) klubundan 8 milyon avro müqabilində “Hoffenhaym”a keçib. 24 yaşlı çexiyalı mərkəz müdafiəçisi ilə də müqavilənin müddəti və digər detalları ictimaiyyətə açıqlanmayıb.

Hranaç “Viktoriya”nın öz yetirməsidir. O, “Liptovski” və “Pardubiçe” kimi klublarda icarədə də olub. Plzen klubunun əsas komandasında 62 oyun keçirmiş Robin, bu görüşlərdə 3 qol və 4 məhsuldar ötürmə müəllifi də olub.

Robin Hranaç bu ildən Çexiyanın əsas yığmasında forma geyinir. O, mart ayında debüt etdiyi millinin heyətində 6 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: