“Tottenhem”in ingilis hücumçusu Harri Keyn İngiltərə klubunun təklif etdiyi yeni müqaviləni imzalamaq istəmir.
Arena.az bu barədə ESPN-ə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Keyn bu yay “Bayern”ə qoşulacağını gözləyir. Keynin “Tottnenhem”lə müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub. “Bayern”in 29 yaşlı ingilis hücumçunu heyətinə qatmaq üçün “Tottenhem”ə üçüncü dəfə təklif ünvanlayacağı gözlənilir.
Xatırladaq ki, Münhen klubunun əvvəlki iki cəhdi ingilislər tərəfindən rədd edilib. “Mahmızlar”ı transferin maddi tərəfi qane etməyib.
“Bayern”in baş məşqçisi Tomas Tuxelin bir neçə həftə əvvəl Londonda Harri Keyn ilə görüşdüyü, hücumçunun qardaşı və agenti Çarlinin Münhen klubunun rəhbərliyi ilə mütəmadi əlaqə saxladığı vurğulanır.
Harri Keyn “Tottenhem”in yetirməsidir və 2011-ci ildən “mahmızlar”ın əsas komandasında çıxış edir.
Geridə qalmış 2022/2023 mövsümündə Keyn “mahmızlar”ın heyətində 49 oyuna çıxıb, 32 qol vurub, 5 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı Harri Keyni 90 milyon avro məbləğində qiymətləndirir.


