UEFA Çempionlar Liqasının 1/8 finalında “Latsio” ilə cavab oyunu (3:0) “Bayern”in ingilis mərkəz hücumçusu Harri Keyn üçün əlamətdar olub.
Arena.az “Opta Sport” statistik-internet portalına istinadən məlumat verir ki, Keyn bu oyunda dübarə fərqlənməklə Avropanın ən mötəbər klub yarışında vurduğu qolların sayını 27-yə çatdırıb.
Beləliklə Keyn Çempionlar Liqasında vurduğu qolların sayı üzrə “Çelsi”nin ingilis vingeri Rahim Sterlinqlə bərabərləşib. İndi Keynin hədəfi “Mançester Yunayted”in ingils keçmiş mərkəz hücumçusu Ueyn Runidir. Runinin hesabında 30 qol var. Başqa sözlə, Keyn fəaliyyətdə olan ingilis futbolçular arasında Çempionlar Liqasında ən çox qol vurmuş futbolçudur.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu “Bayern”ə 2023-cü ilin avqustunda 100 milyon avro müqabilində elə, “Tottenhem”dən keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyn Almaniya nəhənginin heyətində bütün yarışlarda 33 oyuna çıxıb, 33 qol vurub, 8 məhsuldar ötürmə verib.
Vurğulayaq ki, Keyn 27 qolla Almaniya Bundesliqasının cari mövsümünün ən sərrast futbolçusudur.
Keyn hazırda kapitanı olduğu, 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 89 oyun keçirib, 62 qol vurub, 19 məhsuldar ötürmə verib.
Maraqlıdır ki, Keyn böyük futbol karyerası ərzində bir kubok belə, qazanmayıb.
“Transfermarkt” internet-portalı 30 yaşlı ingilis mərkəz hücumçusunun transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.


