Türkiyənin “Adana Dəmirspor” klubunun prezidenti Murat Sancak və komandanın sabiq futbolçusu Henri Onyekuru arasında gərginlik davam edir.
Arena.az xəbər verir ki, Super Liqa təmsilçisinin rəhbəri vaxtilə komandadan kənarlaşdıqları nigeriyalı futbolçunun gedişi barədə yerli mətbuata müsahibə verib.
O, müsahibəsində Onyekurunun Adana klubundan qovulmasının səbəbini belə izah edib:
“Onyekuru rəqib komandanın azarkeşləri tərəfindən alqışlandı. Henri rəqibin futbolçusu Fernando Muslera ilə matç sonunda əyləndi. Bu hadisələrdən sonra mən, Onyekurunu satmaq qərarına gəldim. Soyunma otağında ona sərt ifadələr işlətdim. Əgər sən bu komandada çıxış edirsənsə, bu camiənin çörəyini yeyirsənsə, heç vaxt bura xəyanət etməməlisən. Oyundan sonra paltardəyişmə otağına gedib, rəqibini orada da təbrik edə bilərsən”.
Nigeriyalı oyunçu Murat Sancakın bu sözlərindən sonra özünün sosial media hesabında bu fikirləri bildirib: “Hələ də mənim haqqımda danışmaqdansa, futbolçuların maaşını necə verə bilərsən, bunu fikirləş, cənab prezident!”
Murat Sancak da keçmiş futbolçusuna cavab verməkdə gecikməyib. O da sosial şəbəkə hesabı vasitəsilə paylaşım edib və futbolçunun ünvanına sərt ifadələr işlədib:
“O şərəfsiz və nankor Henridən soruşmaq lazımdır ki, başqasının alacağı bir kənara, sənin bu klubdan nə alacağın var ki? Amma narahat olmasın, onun nə qədər xaraktersiz olduğunu indiki klubu da daxil olmaqla, bütün klublarına video ilə bildirəcəyik”.
Hazırda Səudiyyə Ərəbistanı Peşəkar Liqasında mübarizə aparan “Əl-Fayha” klubunda çıxış edən Henri Onyekuru 2022-ci ilin yayından 2023-cü ilin avqustuna kimi məhz “Adana Dəmirspor”da çıxış edib. Nigeriyadan olan sol cinah vingeri Super Liqa klubunun heyətində meydana çıxdığı 30 matçda 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. O, Türkiyədə “Qalatasaray”da da çıxış edib – 71 oyun, 22 qol, 12 assist.
Sonda onu da xatırladaq ki, hazırda “Adana Dəmirspor”da Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev də forma geyinir.
Nihad Əsədov


