Herbert Hayner Tomas Tuxelin mövqeyini bəyənir

“Bayern”in prezidenti Herbert Hayner son vaxtlar Münhen komandasının çıxışına ünvanlanan tənqidlər selinə münasibətini bildirib.

Arena.az məlumat verir ki, Hayner bu barədə “MagentaTV”-nin efirində danışıb:

“Hər kəs öz fikrini ifadə edə və tənqid edə bilər, amma bəzən klub xarabalığa çevrilmiş kimi hiss edilir, sanki biz özümüzü aşağı liqaya yuvarlanmaqdan xilas etməyə çalışırıq.

Xeyr, Almaniya çempionatında heç bir oyunda uduzmamışıq və Çempionlar Liqasında bütün görüşlərdə qalib gəlmişik. İnanıram ki, Tomas bu söhbətlərə son qoymaqla düzgün iş görüb. Onun güclü olması xoşuma gəlir. “Bayern”də bizim hamımız kimi o, olduqca böyük təzyiq altındadır”, deyə Herbert Hayner vurğulayıb.

Tomas Tuxel “Bayern”i 2023-cü ilin martından çalışdırır. Alman mütəxəssis bu vəzifədə həmyerlisi Yulian Nagelsmanı əvəzləyib. O, münhenliləri geridə qalmış 2022/2023 mövsümündə Bundesliqanın qalibi edib. Tuxelin Almaniya nəhəngi ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Tuxel cari mövsümdə “Bayern”i 17 oyuna çıxarıb, 13 qələbə qazanıb, 2 oyundan sülhlə ayırılıb, 2 oyunda isə məğlub olub. Münhenlilər Tuxelin rəhbərliyi altında 54 qol vurublar, 18 qol buraxıblar.

Maraqlıdır ki, Tuxelin aldığı hər iki məğlubiyyət “Bayern”ə qənimət bahasında başa gəlib. Münhen təmsilçisi mövsümün açılışında, Almaniya Super Kuboku uğrunda oyunda “Leypsiq”ə gözlənilmədən 0:3 hesabı ilə məğlub olaraq, Super Kuboku əldən verib. Növbəti məğlubiyyət isə Almaniya Kuboku uğrunda “Saarbrüken”lə oyuna təsadüf edir. Münhenlilər hesabda öndə olduqları oyunu əsas vaxta əlavə edilmiş son təzminat dəqiqəsində qol buraxmaqla əldən veriblər və Almaniya Kuboku uğrunda mübarizəni dayandırıblar.

“Bayern” Bundesliqada 10 turdan 26 xalla, 28 xal toplamış lider Leverkuzen “Bayer”ini təqib edir. UEFA Çempionlar Liqasında isə Tuxelin yetirmələri qrupda itkisiz davam edərək, 12 xalla liderdirlər və pley-off mərhələsinə vəsiqəni təmin ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: