Cənubi Afrika Respublikasının (CAR) futbol üzrə yığma komandasının baş məşqçisi, belçikalı mütəxəssis Hüqo Bros postunu tərk edib.
Arena.az xəbər verir ki, 74 yaşlı mütəxəssisin ölkənin futbol assosiasiyası ilə iyulun 31-də başa çatmış müqaviləsinin müddəti uzadılmayıb.
Bros yerli qurumun gələn ilin iyulunda keçiriləcək Afrika Millətlər Kubokunun sonunadək olan yeni təklifini qəbul etməyərək peşəkar karyerasını bitirməyə qərar verib.
Xatırladaq ki, Hüqo Bros hələ iyulun əvvəlində “iDiski Times” nəşrinə açıqlamasında yığmadan ayrılacağını və baş məşqçi kimi fəaliyyətini başa vuracağını bildirmişdi. Lakin Cənubi Afrika Respublikası Futbol Assosiasiyası (SAFA) bu xəbərləri təkzib etmiş və Brosun yığmadan ayrılmadığını açıqlamışdı. Görünür, SAFA rəhbərliyi təcrübəli mütəxəssisi postunda saxlamağa razı salacağına ümid edirdi. Amma Bros fikrini dəyişmədiyi üçün yolların ayrılması qərara alınıb.
Hüqo Bros 2021-ci ildən Cənubi Afrika Respublikası millisini çalışdırırdı. Onun rəhbərliyi altında komanda 2023-cü il Afrika Millətlər Kubokunda bürünc medal qazanıb. DÇ-2026-da isə qrup mərhələsini ikinci pillədə başa vuran Cənubi Afrika Respublikası tarixində ilk dəfə dünya çempionatının pley-off mərhələsinə yüksəlib. Afrika təmsilçisi 1/16 finalda Kanadaya 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Təcrübəli çalışdırıcı məşqçilik karyerası ərzində Türkiyənin “Trabzonspor”, Belçikanın “Anderlext”, “Brügge” və “Genk” klublarında, həmçinin Kamerun millisində də işləyib. O, “Brügge” ilə iki dəfə Belçika çempionu və ölkə kubokunun qalibi olub, Kamerun millisini isə 2017-ci ildə Afrika Millətlər Kubokunun qalibi edib.


