Fransanın “Olimpik” (Lion) klubunun yarımmüdafiəçisi Hussem Auar İtaliya A Seriyasında mübarizə aparan “Roma”ya transfer olunub.
Arena.az xəbər verir ki, bu barədə 24 yaşlı futbolçunun yeni klubu məlumat yayıb.
Fransa klubu ilə müqaviləsinin müddəti bu ayın sonuna kimi olan Əlcəzair və Fransa vətəndaşlığına malik yarımmüdafiəçi, Romanın eyniadlı təmsilçisinə azad agent kimi keçib. Onunla 5 illik müqavilə imzalanıb. Auarın “canavarlar”ın heyətində 22 nömrəli formanı geyinəcəyi açıqlanıb.
Xatırladaq ki, Hussem Auar Lion “Olimpik”inin öz yetirməsidir. O, bu klubun əsas komandasında 233 oyun keçirib. Yarımmüdafiəçi bu görüşlərdə 41 qol vurub, 36 məhsuldar ötürmə ilə yadda qalıb. Auar Fransa milli komandasında da 1 oyun keçirib.
Yeri gəlmişkən, Hussem Auarla yanaşı, komandanın hücumçusu Mussa Dembele də Lion “Olimpik”indən ayrılıb. Onun da indiki klubu ilə müqaviləsinin müddəti bu ayın 30-da bitir. Bu üzdən də tərəflər yollarını ayırmaq qərarına gəliblər. Amma Mussanın karyerasını harada davam etdirəcəyi hələ bilinmir.
Mussa Dembele “Olimpik”ə 2018-ci ildə “Seltik”dən 22 milyon avro qarşılığında keçmişdi. Fransa və Mali vətəndaşlığına malik 26 yaşlı forvard Lion klubunda 172 oyuna çıxıb. O, bu matçlarda 70 qol və 19 assistlə yadda qalıb. Hücumçu daha öncə “Seltik”, “Fulhem” və “Atletiko” (Madrid) kimi klubların da formasını geyinib. Dembele Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynasa da, əsas millidə debüt şansı qazanmayıb.



