İbrahim Sülemana “Atalanta”da – Rəsmi

İtaliyanın “Kalyari” klubunun dayaq yarımmüdafiəçisi İbrahim Sülemana bundan sonra “Atalanta”nın uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Atalanta”nın rəsmi saytına istinadən xəbər verir.

Qanalı yarımmüdafiəçinin keçidi Berqamo klubuna 7,5 milyon avroya başa gəlib. 21 yaşlı futbolçu ilə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

İbrahim Sülemana İtaliyanın “Verona” klubunun yetirməsidir. O, “Kalyari”yə 2023-cü ilin yayında 4 milyon avro qarşılığında keçmişdi. Yarımmüdafiəçi sözügedən klubun heyətində 24 oyuna çıxıb, 2 qolla yadda qalıb. Bu ilin iyun ayında Qana yığmasında debüt etmiş İbrahim üçün həmin oyun hələlik millidəki yeganə matçdır.

“Atalanta”nın 3 futbolçusu da əks düşərgəyə – “Kalyari”yə keçib. Belə ki, sözügedən sağ cinah yarımmüdafiəçisi Nadir Zorteanı 5 milyon avroya satıb. 25 yaşlı italyan futbolçu yeni klubu ilə 4 illik müqavilə bağlayıb.

“Atalanta”nın əsas komandasında cəmi 17 oyun keçirmiş Zortea, “Kremoneze”, “Salernitana”, “Frozinone”, “Sassuolo” kimi klublarda icarədə də olub.

Berqamolular hücumçu Roberto Pikkoli ilə yarımmüdafiəçi Mişel Adoponu da “Kalyari”yə icarəyə veriblər. “Kalyari” hər iki oyunçunu növbəti mövsümün sonuna kimi satınalma şərti ilə heyətinə qatıb.

“Atalanta”nın yetirməsi olan Pikkoli, əsas komandanın heyətində 15 oyuna çıxıb, 1 qol vurub. O, “Leççe”, “Spetsiya”, “Empoli”, “Verona” və “Cenoa”da icarədə də olub. 23 yaşlı fovard İtaliyanın müxtəlif yaş qrupları üzrə yığmalarında da oynayıb.

Adopo isə “Torino”nun yetirməsidir. “Viterbese”də icarədə də oynamış 23 yaşlı yarımmüdafiəçi, 2023-cü ilin iyul ayında qoşulduğu “Atalanta”da cəmi 11 oyuna çıxıb, 1 assistlə yadda qalıb. Fransalı futbolçu bu ölkənin U-18 yığmasında da forma geyinib.

“Kalyari”nin yarımmüdafiəçisi Nahitan Nandes də Səudiyyə Ərəbistanının “Əl-Kadisiya” klubuna keçib. İtaliya təmsilçisini azad agent kimi tərk etmiş 28 yaşlı uruqvaylı futbolçu yeni klubu ilə 3 illik sözləşmə imzalayıb.

“Penyarol” və “Boka Xuniors”da da oynamış Nandes, “Kalyari”yə 2019-cu ilin avqustunda 16,2 milyon avro müqabilində keçmişdi. O, bu komandada 165 oyuna 6 qol vurub, 18 assist edib. Nahitan 2015-ci ildən formasını geyindiyi Uruqvay millisində 61 oyun keçirib, 44 assistlə yadda qalıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: