İldefons Lima Sola – dünya rekordları qıran “qoca”

Andorra yığmasının mərkəz müdafiəçisi İldefons Lima Sola yeni futbol rekordları müəyyən etməklə adını tarixə yazdırıb.

Arena.az bu barədə Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) istinadən xəbər verir.

AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində İsveçrə yığması ilə oyunda (1:2) son dəqiqələrdə əvəzedici qismində meydana çıxmış Andorra yığmasının müdafiəçisi bir neçə dünya və Avropa rekorduna imza atıb:

  • Lima təsnifat mərhələsi daxil olmaqla, yeddi Avropa çempionatında iştirak etmiş ilk futbolçu olub (1998-ci ildən 2024-cü ilə qədər)
  • Lima bu vaxta qədər turnirin ən yaşlı futbolçusunun rekordunu yeniləyib. O, özünün 43 yaş 188 günlüyündə meydana çıxaraq, ötən ilin martında cəbəllütariqli Li Kasyaronun 41 yaş 179 günlüyündə müəyyən etdiyi rekordu üstələyib.

Vurğulayaq ki, Li Kasyaro öz rekordunu 41 yaş 260 günlüyündə Fransa yığmasına qarşı dünənki oyunda yeniləyib.

  • Lima Sola 25 ildən yuxarı öz yığmasının heyətində çıxış edən ilk futbolçu olub. Onun yığma komandanın heyətində ilk və sonuncu çıxışları arasında 25 il 359 gün fərq var ki, bu da yeni dünya rekordudur.

Vurğulayaq ki, köhnə rekord yüz ildən artıq müddətdə qüvvədə qalıb. Bu rekord əfsanəvi uelsli futbolçu Billi Mereditə məxsus olub. Mereditin yığmadakı ilk və son çıxışları arasında fərq 24 il 365 günə bərabər olub. Mereditə 25 illik göstəriciyə imza atmaq üçün cəmi bircə gün kifayət etməyib.

İldefons Lima Andorranın formasını 2022-ci ilin iyun ayından ötən müddət ərəzində ilk dəfə geyinib.

Onun həmyerlisi Mark Pujol Pons da rekord futbol uzunömürlülüyü nümayiş etdirir. Bu il Oujol 23 il 50 günlük göstərici ilə tarixi reytinqin üçüncü sırasına yüksəlib. Pujol da iyun ayında keçirilən oyunlara çağırış alıb. Ancaq Pujol Andorra yığmasının İsveçrə yığmasına qarşı keçirdiyi oyunda iştirak etməyib.

Xatırladaq ki, süni surətdə yığmada iş stajı artırmış bir neçə futbolçu müvafiq rekordlar cədvəlinə daxil edilməyib. Bunlara, özünün futbolçu karyerasını başa vurduqdan sonra nümayişkaranə və ya yoldaşlıq oyunlarında meydana çıxmış futbolçular aiddir (Corc Vea, Giorgos Kudas, Başar Abdulla, İvan Urtado və başqaları).

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: