Futbol üzrə Seneqal millisinin və “Everton”un hücumçusu İliman Ndiaye bundan sonra “Mançester Siti”nin uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə Mançester təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
26 yaşlı futbolçu ilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq uzunmüddətli müqavilə imzalanıb. Ndiayenin yeni baş məşqçi Entso Mareskanın rəhbərliyi altında komandanın cinahdakı hücum potensialını gücləndirməsi gözlənilir.
Mətbuatda yayılan məlumatlara görə, transferin ümumi məbləği bonuslarla birlikdə 65 milyon funt-sterlinq (76 milyon avro) təşkil edib. “Mançester Siti” futbolçu üçün ilkin olaraq 70 milyon avro ödəyib.
İliman Ndiaye 2024-cü ilin yayından “Everton”da çıxış edirdi. O, Liverpul klubunun heyətində bütün turnirlərdə 74 rəsmi matça çıxıb, 17 qol vurub və 4 məhsuldar ötürmə edib. 26 yaşlı futbolçu karyerası ərzində “Şeffild Yunayted”, “Hayd Yunayted”, “Olimpik” (Marsel) kimi klubların da şərəfini qoruyub.
Seneqal millisində 43 oyun keçirmiş hücumçu yığma komandanın heyətində 5 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
“Transfermarkt” portalı futbolçunun hazırkı bazar dəyərini 55 milyon avro qiymətləndirir.
“Mançester Siti” öz futbolçusu Ceyden Heskini də icarəyə verib. 20 yaşlı yarımmüdafiəçi 2026/2027-ci illər mövsümündə “Şeffild Uensdey”də çıxış edəcək.
Ceyden Heski “Mançester Siti”nin yetirməsidir. Bu klubun əsas komandasında cəmi 1 oyun keçirmiş hücumameyilli yarımmüdafiəçi ötən mövsüm də “Şeffild Uensdey”də icarədə olub. İngilis futbolçu bu komandanın heyətində 21 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.


