İlkay Gündoğan rəsmən “Qalatasaray”da!

İngiltərənin “Mançester Siti” klubunun mərkəz yarımmüdafiəçisi İlkay Gündoğan bundan sonra “Qalatasaray”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

34 yaşlı yarımmüdafiəçi Türkiyə nəhəngi ilə 2 illik (2027-ci ilin 30 iyununa kimi) müqaviləyə imza atıb.

“Mançester Siti” türk əsilli almaniyalı futbolçunu “Qalatasaray”a pulsuz buraxıb. Gündoğan yeni klubunda ilinə 4,5 milyon avro maaş alacaq.

Xatırladaq ki, İlkay Gündoğan 2024-cü ilin avqustundan “Mançester Siti”də idi. O, 2016-cı ilin iyulundan 2023-cü ilin yayına kimi məhz “Mançester Siti”də çıxış edib. İlkay 2023-cü ilin iyul ayında “Mançester Siti”dən azad agent qismində ayrılaraq İspaniyanın “Barselona” klubuna keçmişdi. Lakin Gündoğan Kataloniya nəhəngində cəmi bir mövsüm çıxış etdikdən sonra yenidən doğma klubuna qayıtmışdı. Gündoğan “Barselona”nın heyətində bütün yarışlarda 51 oyuna çıxıb, 5 qol vurub, 14 məhsuldar ötürmə verib. Onun “Mançester Siti” karyerası isə 358 oyun, 65 qol və 47 məhsuldar ötürmədən ibarətdir. Gündoğan uzun illər “şəhərlilər”in kapitanı olub. O, İngiltərə nəhəngi ilə çoxsaylı titullara sahib çıxıb.

İlkay Gündoğan karyerası ərzində “Nürnberq”, “Boxum” və Dortmund “Borussiya”sında da çıxış edib.

“Transfermarkt” internet-portalı 34 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.

“Sauthempton” Yelerti icarəyə götürdü, Fernandesi 44 milyon avroya satdı

“Qalatasaray”da bir ayrılıq da qeydə alınıb. Türkiyə nəhəngi danimarkalı sağ cinah müdafiəçisi Elias Yelerti icarəyə verib. 22 yaşlı futbolçu 2026-cı ilin yayına kimi İngiltərənin “Sauthempton” klubunda çıxış edəcək. Müqaviləyə əsasən Çempionşip təmsilçisi mövsümün sonunda Eliası birdəfəlik transfer də edə bilər. İngiltərə klubu gənc oyunçunun bir mövsümlük icarəsi üçün “Qalatasaray”a 300 min avro ödəyib.

Xatırladaq ki, Elias Yelert 2024-cü ilin yayında 9 milyon avro qarşılığında “Kopenhagen”dən “Qalatasaray”a keçib. Müdafiəçi bu komandada 35 oyuna çıxıb, 1 qol vurub.

“Sauthempton”da yarımmüdafiəçisi Mateus Fernandesi “Vest Hem”ə satıb. 21 yaşlı portuqaliyalı futbolçunun satışı sözügedən kluba 44 milyon avro qazandırıb. Fernandes yeni klubu ilə uzunmüddətli müqaviləyə imza atıb.

Mateus Fernandes Lissabon “Sportinq”inin yetirməsidir. O, “Sauthempton”a 2024-cü ilin yayında 15 milyon avro müqabilində keçmişdi. Yarımmüdafiəçi İngiltərə klubunun heyətində meydana çıxdığı 46 oyunda 4 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: