“Neftçi”nin baş məşqçisi İlkin Hacıyev futzal üzrə Azərbaycan Yüksək Liqasında mövsümün qalan hissəsinə hazırlıq planlarından danışıb.
Arena.az xəbər verir ki, qış fasiləsinə qədər keçirdiyi 10 oyundan 7-də qələbə qazanan və 2 matçda xalları yarı bölən “Neftçi” İK lider “Araz-Naxçıvan”ı məğlub edən hələlik yeganə komandadır.
Paytaxt komandası yeganə yenilgini də liderdən birinci dövrədə alıb. 23 xalla fasiləyə ikinci pillədə yollanan “Neftçi”ni zirvədən cəmi 2 xal ayırır. Bəs komanda qış fasiləsindən necə yararlanacaq? Heyətə yeni oyunçular dəvət olunacaqmı? Bu suallara Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama vermiş komandanın məşqçisi İlkin Hacıyev aydınlıq gətirib:
“Əvvələ “Neftçi” İK ailəsi olaraq futzal ictimaiyyətini qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edir, hər kəsə sağlam can, işlərində uğurlar arzulayırıq. Planımız hazırdır. Yanvarın 4-5-də məşqlərimizi bərpa edəcəyik. “Olimpik Star”da hazırlaşacağıq. Təbii ki, əvvəlcə fiziki, daha sonra taktiki planda məşqlər keçəcəyik. Hazırda yoldaşlıq oyunları ilə bağlı konkret söz deyə bilməyəcəyəm. Ancaq digər komandalar da yığışdıqdan sonra danışacağıq, çalışacağıq oyunlar da keçirək. Əlbəttə, məqsədimiz ilk yarıdakı kimi inamlı və uğurlu çıxışımızın davamını gətirməkdir.
Heyətimizi qorumuşuq. Gücləndirməyə çalışacağıq. Hazırda bir futzalçı ilə danışıq aparırıq. Legionerdir, söhbətimiz alınsa, onunla anlaşacağıq”.


