İmanol Alquasil “Real Sosyedad”dan ayrılacaq – Rəsmi

“Real Sosyedad”ın baş məşqçisi, ispan mütəxəssis İmanol Alquasil cari mövsümün başa çatması ilə klubdan ayrılacaq.

Arena.az bu barədə “Real Sosyedad”ın rəsmi saytına istinadən məlumat verir.

Vurğulanır ki, Alquasil müvafiq qərarı özü qəbul edib.

53 yaşlı İmanol Alquasil San-Sebastyan komandasını 2018-ci ilin dekabr ayından çalışdırır və “Real Sosyedad” ispan mütəxəssisin məşqçilik təcrübəsində ilk klubdur. Tərəflər arasındakı müqavilənin müddəti cari ilin iyun ayının sonuna qədər qüvvədədir.

Çalışdırdığı müddətdə Alquasil “Real Sosyedad”ı 354 oyuna çıxarıb, 157 qələbə, 82 heç-heçə, 95 məğlubiyyət yaşayıb. Top fərqi isə 473:348 nisbətindədir.

Alquasil “Real Sosyedad”a 2019/2020-ci illər mövsümü İspaniya Kral Kubokunu qazandırıb.

Əlavə edək ki, Alquasil futbolçu karyerasına da “Real Sosyedad”da başlayıb. 2011-ci ildən isə San-Sebastyan klubunda müxtəlif vəzifələrdə çalışıb, həmçinin klubunun yeniyetmə və gənclərdən ibarət komandalarını çalışdırıb.

33 oyundan 42 xalla “Real Sosyedad” İsapniya La Liqasının yarış cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: