Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “İmişli” Futbol Klubu bu gün loqosunun rəsmi təqdimat mərasimini keçirib.
Arena.az xəbər verir ki, əyalət klubu yeni loqosu ilə bağlı rəsmi açıqlama da yayıb.
“İmişli” klubunun rəsmi açıqlamasında bunlar qeyd edilib:
“Bu, sadəcə yeni loqo deyil, klubumuzun dəyərlərini və gələcəyə olan böyük hədəflərini əks etdirən yeni vizual kimlikdir.
Loqonun mərkəzindəki pələng gücün, cəsarətin və qələbə əzminin rəmzi, qalxan isə birlik və mübarizə ruhunun ifadəsidir.
Tünd göy Araz çayını və inkişafı, qızılı rəng isə İmişlinin bərəkətini, zəhmətini və uğurlarını simvolizə edir.
Loqoda yer alan “22” rəqəmi isə klubumuzun təməl daşının qoyulduğu 2022-ci ilə işarə edir. Bu detal qısa tariximizə, formalaşdırdığımız dəyərlərə və gələcəyə inamla atdığımız ilk addımlara ehtiramın ifadəsidir.
Yeni simvol, eyni ruh. Gələcəyi birlikə yazırıq!”



