Çempionlar Liqasının 1/8 finalının cavab oyununda Madrid “Atletiko”suna səfər məğlubiyyəti (1:2) “İnter” üçün ikiqat acı ilə əlamətdar olub.
Arena.az məlumat verir ki, “İnter” həm Çempionlar Liqasında iştirakına xitam verib, həm də “neradzurri”nin bütün yarışlarda 15 oyundan ibarət məğlubiyyətsizlik silsiləsi qırılıb.
Üstəlik, “Atletiko”ya məlubiyyət İtaliya klubunun cari 2024-cü ildə ilk məğlubiyyətidir. Simone İnzaqinin yetirmələri sonuncu dəfə ötən 2023-cü ilin dekabrın 21-də İtaliya Kubokunun 1/8 finalında evdə “Bolonya”ya uduzmuşdular (1:2). O vaxtdan bəri “İnter” bütün yarışlar çərçivəsində keçirdiyi oyunlarda 1 heç-heçə edib və 14 qələbə qazanmışdı.
Xatırladaq ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin “Atletiko” ilə Milanda keçirilmiş ilk oyununda “İnter” 1:0 hesabı ilə qələbə qazanmışdı. Madriddəki cavab oyununda isə “neradzurri” 1:2 hesablı məğlubiyyətin ardınca penaltilər silsiləsində 2:3 hesabı ilə uduzaraq qitənin ən mötəbər klub yarışında iştitakına xitam verib.


