“İnter”in baş məşqçisi Simone İnzaqi belçikalı hücumçu Romelu Lukakunun “Çelsi”dən “Roma”ya mümkün transferi haqda danışıb.
Arena.az bu barədə jurnalist Deniel Mariyə istinadən məlumat verir:
“Lukakunun “Roma”ya keçidi? “Roma” üçün əla transferdir. Bu, italiyan futbolu üçün yaxşıdır. O, əla oyunçudur. Mən öz futbolçularımdan və “İnter” ailəsindən çox razıyam. Ümidvaram ki, mən bu il yenidən böyük məmnunluq hissi yaşayacağam. Lukakuya görə qəzəb və ya kədər? Mən İtaliya futboluna görə şadam. İki ildir ki, “İnter”də çalışıram və gözəl azarkeşləri olan bu möhtəşəm komandanı çalışdırdığım üçün şadam. İstiqamətdən razıyıq, titullar qazandıq və çox vacib işlər gördük”, deyə İnzaqi razılıq edib.
Xatırladaq ki, Romelu Lukaku 2022/2023 mövsümündə “İnter”də icarə əsasında çıxış edib. “İnter”in belçikalı hücumçunu “Çelsi”dən tamhüquqlu transfer edərək heyətinə qatmaq istədiyi bir məqamda, Lukakunun “neradzurri”dən xəbərsiz olaraq, əzəli rəqib “Yuventus”a keçmək istəyi ilə bağlı Turin klubu ilə danışıqlar aprdığı ortaya çıxmışdı. Hiddətlənmiş “İnter” rəhbərliyi Lukaku ilə əmkdaşlığına xitam vermirşdi. Daha sonra “Yuventus”a da keçidi baş tutmayan Lukaku, həm “neradzurri”nin və həm də “qoca sinyora”nın azarkeşləri tərəfindən xəyanətdə ittiham edilmişdi.
Hazırda ortada qalmış, cari klubu “Çelsi”də və təkliflər aldığı Səudiyyə Ərəbistanında oynamaq istəməyən Lukakunun xidmətində “Roma” maraqlıdır.
Jurnalist Canluka Di Marsionun iddiasına görə, “Roma”nın sahibi Den Fridkin Lukakunu “Roma”ya aparacaq təyyarəni şəxsən özü idarə edəcək. Fridkinin pilot lisenziyası var. Bu məqam mətbuatda Lukakunun “Roma”ya keçidi məsələsənin müsbət həll edildiyi kimi qəbul edilib.


