“Betis”in hücumameyilli yarımmüdafiəçisi İsko Avropa Konfrans Liqasında 2024/2025-ci illər mövsümünün ən yaxşı oyunçusu seçilib.
Arena.az bu barədə UEFA-nın mətbuat xidmətinə istinadən məlumat verir.
İspan futbolçu Konfrans Liqasının yenicə başa çatmış mövsümü ərzində meydana çıxdığı 9 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. “Betis” turnirin finalında İngiltərə təmsilçisi “Çelsi”yə uduzub – 1:4.
İsko “Valensiya”nın yetirməsidir. 2011-ci ilin iyul ayında “Malaqa”ya transfer edilmiş futbolçu burada parlayaraq, “Real”ın diqqət mərkəzinə düşüb. 2013-cü ilin iyul ayında “kral klubu” futbolçunu öz heyətinə qatıb. 9 il “Real”da parlaq surətdə çıxış etmiş yarımmüdafiəçi 2022-ci ilin avqustunda madridlilərin düşərgəsini azad agent qismində tərk edərək, “Sevilya”ya keçib. Elə həmin il dekabrın sonlarında futbolçu o vaxt “Sevilya”nın idman direktoru olan Ramon Monçi ilə münaqişə mənzərəsində klubu tərk edib. 7 ay futbolsuz dolaşmış yarımmüdafiəçi “Betis”ə 2023-cü ilin iyulunda azad agent qismində qoşulub. Vurğulayaq ki, “Betis” “Sevilya”nın qatı rəqibidir. Yarımmüdafiəçi “Betis”lə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə İsko “Betis”in heyətində bütün yarışlarda 33 oyuna çıxıb, 12 qol vurub, 11 məhsuldar ötürmə verib.
İskonun “Betis”in heyətində çıxışının ümumi mənzərəsi isə 69 oyun, 21 qol və 18 məhsuldar ötürmədən ibarətdir.
İsko 2013-cü ilin fevral ayında debüt etdiyi İspaniya yığmasının heyətində 38 oyun keçirib, 12 qol, 6 məhsuldar ötürmə ilə fərqlənib. İstedadlı futbolçu İspaniyanın əsas yığmasına U16-dan U21-ə qədər bütün yolu keçməklə düşüb. Yarımmüdafiəçi İspaniyanın U-21 yığması ilə 2013-cü il Avropa Çempionatının qalibi olub.
“Transfermarkt” internet portalı 33 yaşlı ispan yarımmüdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.


