İsko Ramon Monçi ilə dalaşıb: “O, ən fırıldaqçı insandır”

Yarımmüdafiəçi İsko İspaniyanın “Sevilya” klubunun sabiq idman direktoru Ramon Monçi ilə münaqişəsinin təfərrüatını açıqlayıb.

Arena.az bu barədə “Marca”ya istinadən məlumat verir.

İsko ətraflı açıqlamasında məsələyə aydınlıq gətirib:

“Xulen Lopeteqi gedəndə və qış transfer pəncərəsi yaxınlaşanda klubda çoxlu qəribəliklər gördüm. Əvvəlcə, mənimlə heç nəyi müzakirə etmədən, mənim üçün çıxış yolu tapmağa təmsilçimi çağırdılar. Nuna görə də xəbərdar olan kimi birbaşa Monçi ilə söhbətə yollandım. Mən ona dedim ki, “bax, nə baş verdiyini bilmirəm, məni sevib-sevmədiyini də bilmirəm, amma mənimlə dürüst ol, hər bir problemi çözərik. Sənin ixtiyarındayam”.

“Sevilya”da hansı iqtisadi böhran ola bilər, bilmirəm, amma bu söhbətdən sonra hər şey tərsinə getdi. Mən sadəcə, klubun fikrini öyrənmək istəyirdim. Bu söhbətdən sonra Monçi mənim ayrılmaq istədiyimi car çəkməyə başladı ki, bu, doğru deyil və hər gün mənə, həm də vəkilimə zəng vuraraq, bizimlə razılaşmaya xitam vermək üçün imza atmağa təhrik edirdi. Ona görə də yenidən onunla danışığa yollandım və ona dedim: “Qulaq as, Monçi, sən mənimlə və ya danışdığın adamlarla dürüst deyilsən. Mən qalmaq istəyirəm, sən isə getmək istədiyimi car çəkməkdə davam edirsən”.

Sonra azacıq münaqişə oldu… Mən ona dedim ki, o, mənim, futbol aləmində rastlaşdığım ən fırıldaqçı insandır və o, mənə hücum etdi. Yanıma gəlib boynumdan tutdu, süpürləşdik və bizi ayırmağa məcbur oldular. Anladığınız kimi, mən bundan sonra heç bir halda orada qalmaq istəmədim. Təəssüfləndim, çünki komanda yoldaşlarımla çox yaxşı münasibətim vardı, klubun azarkeşləri də mənə çox yaxşı münasibət bəsləyirdilər, amma idman direktorunun mənə hücum etdiyi klubda özümü rahat hiss edə bilməzdim”.

Xatırladaq ki, İsko “Sevilya”nı 2022-ci ilin dekabrında tərk edib. Ramon Monçi isə 2023-cü ilin iyunundan Premyer Liqa təmsilçisi “Aston Villa”nın futbol əməliyyatları üzrə prezidenti vəzifəsində çalışır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: