İspaniya La Liqası futbol oyunlarında sahə hakimi ilə VAR hakimi arasındakı danışıqların audio və videoyazısını dərc edəcək.
Arena.az bu barədə La Liqanın rəsmi saytına istinadən məlumat verir.
İspaniya Kral Futbol Federasiyası (RFEF) və La Liqa rəhbərliyi İspaniya La Liqasının oyunlarından sonra meydanda işləyən hakimlərlə VAR hakimləri arasında söhbətlərin video və audio yazılarının dərc edilməsi təcrübəsini tətbiq etmək barədə razılığa gəliblər.
Bildirilir ki, bu yazılar hər yarış gününün sonunda dərc ediləcək. Bu təcrübə ilk dəfə yanvarın 14-də La Liqanın 20-ci turu oyunlarında tətbiq ediləcək. Vurğulanır ki, belə tədbirlərin tətbiqi hakimlərin işini və yarışın özünü daha şəffaf edəcək. Nəticədə azarkeşlər hakimlərin oyun zamanı nə üçün bu və ya digər qərar qəbul etdiyini daha yaxşı başa düşəcəklər.
Xatırladaq ki, İspaniya La Liqasının 20-ci turu “Almeriya” – “Jirona” oyunu ilə başlayacaq.


