İspaniyanın “Sevilya” klubunun xorvat mərkəz yarımmüdafiəçisi İvan Rakitiç tamhüquqlu müqavilə əsasında “Əl-Şabab”a keçib.
Arena.az bu barədə Səudiyyə Ərəbistanı klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Transferin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının təmsilçisinə hansı məbləğə başa gəldiyi haqda məlumat isə hələ ictimailəşdirilməyib. “Əl-Şabab” Rakitiçlə müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
İvan Rakitiç “Bazel”in yetirməsidir. Xorvat futbolçu karyerası ərzində “Şalke”, “Sevilya” və “Barselona”da oynayıb.
Cari mövsümün ilk yarısında Rakitiç “Sevilya”nın heyətində bütün yarışlarda 27 oyuna çıxıb, 2 qol vurub, 4 məhsuldar ötürmə verib.
Rakitiçin qənimətlər muzeyində “Bazel”lə qazandığı İsveçrə Kuboku və “Şalke” ilə qazandığı Almaniya Kuboku ilə yanaşı, “Barselona” və “Sevilya” ilə qazandığı çoxsaylı qənimətlər var. Rakitiç “Sevilya” ilə Avropa Liqasının ikiqat qalibi olub. “Barselona” ilə isə İspaniya La Liqasını (4 dəfə), İspaniya Kral Kubokunu (4 dəfə), İspaniya Super Kubokunu (2 dəfə), Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazanıb. Həmçinin Rakitiç 2015-ci ildə Xorvatiyada ilin futbolçusu seçilib.
Rakitiç karyerasının ilk dövrlərində İsveçrənin U-16, U-17, U-19 və U-21 komandalarında oynayıb. Amma sonradan xorvat futbolçu seçimini tarixi vətəninin xeyrinə edib: Xorvatiyanın U-21, ardınca isə əsas yığmasında çıxış edib.
Rakitiç 2007-ci ilin sentyabrında debüt etdiyi Xorvatiya yığmasının heyətində 106 oyun keçirib, 15 qol vurub, 16 məhsuldar öyürmə verib.
“Transfermarkt” internet-portalı 35 yaşlı xorvat mərkəz müdafiəçisinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.


